OPEK və
qeyri-OPEK ölkələri nazirlərinin videokonfrans formatında keçirilən X iclasında
gündəlik neft hasilatının azaldılması ilə bağlı “Əməkdaşlıq Bəyannamə”si
təsdiqlənib.
APA xəbər verir ki, iclasda OPEK+ ölkələri tərəfindən Meksikanın
gündəlik neft hasilatını 100 min barrel həcmində azaltması təklifinə baxılaraq
qəbul edilib.
Həmçinin Meksikanın OPEK+ ölkələri nazirlərinin IX
iclasında təklif edilmiş kvotaları qəbul edəcəyi təqdirdə Razılaşmanın mayın
1-dən qüvvədə olacağı şərti “Əməkdaşlıq Bəyannaməsi”ndən çıxarılıb. “Əməkdaşlıq
Bəyannaməsi”nə edilmiş düzəlişlərə əsasən Meksikanın hasilat
kvotaları may-iyun aylarında 400 min barrel əvəzinə 100 min barrel
müəyyənləşdirilib. Meksikanın öhdəliyinin digər qismini kompensasiya
etmək üçün ABŞ-ın öz hasilatını əlavə olaraq 300 min barrel azaltması ilə
razılaşılıb. Bununla da OPEK+ üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7
mln.barrel azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.
"OPEK plus"un qərarına Azərbaycan da
öz dəstəyini ifadə edib. Energetika naziri Pərviz Şahbazov dünya neft bazarının
sabitləşdirilməsi məqsədilə neft ölkələrinin mövqeyini yüksək qiymətləndirib:
“Bugünkü görüş və OPEK+un qəti mövqeyi hasilatın azaldılması ilə bağlı qərarın
icrası üzrə maneələri və tərəddüdləri aradan qaldırdı. Hasilata müdaxilələrlə
neft bazarının tənzimləmə mexanizmi qlobal səviyyədə dəstəklənir və bu dəstək
neft bazarının sabitləşdirilməsinə töhfə verəcək. Həmçinin bu qərar OPEK+
formatından kənarda ölkələrin də hasilatı azaltmalarına təşviq edəcək”.
Xatırladaq ki, 9 apreldə OPEK və qeyri-OPEK ölkələri
nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft
hasilatının üç mərhələ üzrə azaldılması barədə qərar qəbul edilib.

0 Yorumlar