Bank sektoru aktivlərinin təxminən 50%-i likvid alətlərdə, o
cümlədən pul vəsaitləri və onların ekvivalentləri, bank vəsaitləri və xarici
zərbələrdən etibarlı qorunma təmin edən suveren və kvazi-suveren borc qiymətli
kağızlarına qoyulan investisiyalardadır.
Bu barədə “Moody`s” beynəlxalq reytinq agentliyinin
Azərbaycanın bank sektorunun qiymətləndirilməsinə dair hesabatında deyilir.
“Likvidlik yastığı güclü olaraq qalacaq və bu, banklara xarici
şoklara qarşı mübarizədə kömək edəcək”, - hesabatın müəllifi, “Moody's”
agentliyinin vitse-prezident və böyük analitiki Pyotr Paklin deyib.
Bundan başqa, analitiklərin fikrincə, dövlət
tərəfindən banklara, xüsusilə də ölkənin ən böyük banklarına dəstək verilməsi
ehtimalı yüksək olaraq qalır: “2019-cu ilin sonunda ÜDM-nin 90%-ni təşkil edən
Azərbaycan Dövlət Neft Fondunda toplanan ümumi ehtiyatlarla hökumətin
iqtisadiyyata və ümumi kredit portfeli ÜDM-in 19%-ni təşkil edən bankçılıq
sisteminə dəstək vermək üçün yaxşı imkanları var”.
Bununla yanaşı, xarici valyutadakı kreditlərin xüsusi
çəkisi (2019-cu ilin sonunda 35%) böyük olaraq qalır və bu, ixracat mənfəəti
olmadan borcalanları valyuta risklərinə məruz qoyur.
“Koronavirus epidemiyası ölkədə iqtisadi fəallığın
pozulmasına gətirib çıxaracaq və neftin ucuzlaşması ilə birlikdə vətəndaşların,
kiçik və orta sahibkarlığın, eləcə də iri şirkətlərin kredit borclarını ödəmək
imkanlarını zəiflədəcək. Bütün bunlar Azərbaycanın bank sektorunda problemli kreditlərin
payının artmasına səbəb olacaq”, - hesabatda deyilir.
Hesabat müəllifi
hesab edir ki, xalis faiz marjası (NIM) depozitlərin xarici valyutaya çevrilməsi
üçün “kənara axması” nəticəsində maliyyələşdirmə xərcləri artdıqca azalacaq.
Report
