Artıq 3 aydır dünyanı əsarəti altına alan
koronavirus pandemiyası əhali arasında kifayət qədər təşvişə səbəb olub.
Xəstəlik haqqında Kütləvi İnformasiya Vasitələri və sosial şəbəkələrdə çox
fərqli informasiyaların yayılması, insanlar arasında kifayət qədər təzadlı
fikirlərin formalaşmasına gətirib çıxarıb. Xüsusi ilə ana olmağa hazırlaşan
hamilə xanımlar, virusun törədə biləcəyi fəsadlarla bağlı ciddi naratlıq keçirir.
Qaynarinfo saytı daxil olan
çoxsaylı istəkləri nəzərə alaraq, koronavirus pandemiyası və onun hamilələrə
mümkün təsirlərini araşdırmaq üçün tanınmış ginekoloq, tibb üzrə fəlsəfə
doktoru Rəxşəndə Aslanova ilə müsahibəni sizlərə təqdim edir.
- Rəxşəndə xanım, öncə bilmək istəyərdik ki,
koronavirus infeksiyası nədir və hansı mümkün təhlükəsi var?
- Qeyd edim ki, koronaviruslar insan və ya heyvanlar arasında yayıldığı
sübut edilmiş patogen xüsusiyyətləri olan geniş viruslar ailəsidir. Bu viruslar
elmə hələ 1960-cı illərdən məlumdur. Ümumi quruluşunda zülallar, membran və
nukleokapsidlər olan virus, elektron mikroskopla baxıldıqda "tac” şəkilli
görüntüsü verdiyi üçün ona latın dilindən götürülmüş "korona” adı verilib.
Koronaviruslar insanlarda adi soyuqdəymədən tutmuş daha ciddi xəstəliklərə
qədər fəsadları törədə bilər. 2003-cü ildə yayılan Ağır Kəskin Tənəffüs
Sindromunu (SARS) və 2012-ci ildə yayılan Yaxın Şərq Tənəffüs Sindromunu (MERS)
buna misal olaraq göstərə bilərik. Hazırda Ümumdünya Səhiyyə Təşkilatı
tərəfindən pandemiya elan edilmiş "COVİD-19” adlandırılan virus isə
yeni koronavirus növüdür. Bu virusun inkubasiya dövrü (yəni xəstəliyin aşkara
çıxma müddəti) bir qədər uzun olması və yoluxmuş şəxsin asqırması və ya
öskürməsi zamanı ağız və burun boşluğundan havaya buraxılan kiçik damcılar
vasitəsilə rahatlıqla keçə bilməsi onun yüksək keçiricilik qabiliyyətini
göstərir. Bu da təbii olaraq, bütün dünyaya yayılmağa səbəb oldu. Təhlükəyə
gəlincə, istənilən hər hansı bir virus, əlavə xəstəlikləri olan və yaxud immun
sistemi zəif olan insanlarda fəsadlar törədə bilər. Əlbəttə ki, yeni
koronavirusun da kifayət qədər təhlükələri var, xüsusi ilə qeyd edim ki, bizim
immun sistemimiz "COVİD-19”u tanımır, ona görə də bədənimiz bəzən bu
virusa qarşı heç bir reaksiya vermir, bəzən də həddən artıq reaksiya verərək
ağırlaşmalara səbəb olur. Lakin, bir çox insanın bu virusu heç bir əlamətsiz
belə keçirdiyi müşahidə olunmaqdadır.
- O zaman bəzi insanlar heç bir əlamət
olmadan belə bu xəstəliyi keçirəcəkmi?
- Bəli, Ümumdünya Səhiyyə Təşkilatının açıqlamalarından görürük ki, virusa
yoluxmuş bir çox insanda heç bir əlamət halı müşahidə olunmur. Hesablamalara
görə təxminən 80 faiz insan bu xəstəliyi kiçik soyuqdəymə əlamətləri ilə
keçirəcək və sağalacaq. Lakin diqqət edilməli olan əsas məqam, həmən şəxslərin
digər daha həssas risk qrupu insanlara keçirə bilməsi ilə əlaqədardır.
"Süper daşıyıcı” adlandırdığımız bu insanlar, özləri heç bir fəsadla
qarşılaşmasalar da, digər risk qrupunda olan şəxslər üçün təhlükəli ola
bilərlər. Xüsusilə immun sistemi zəifləmiş insanlarda, yaşlılarda, ürək - damar
və arteryal təzyiq problemləri olan, ağciyər, diabet və digər bu kimi
xroniki xəstəlikləri olan insanlarda infeksiyanın ağır keçmə ehtimalı daha
yüksəkdir. Hətta xəstələnənlər arasında bununla bağlı dünyasını dəyişənlər
dünya üzrə 2 fazir təşkil edir. Lakin bu da ümidsizliyə səbəb olmamalıdır,
hazırda dünya üzrə xəstəlikdən sağalanların da sayı kifayət qədər çoxdur.
- Hamilələrlə bağlı suala keçməzdən öncə
bilmək istəyərdim ki, xəstəlik əsasən hansı siptomlarla və neçə müddətə özünü
biruzə verir?
- Bu xəstəliyinin ən geniş yayılmış əlaməti tez-tez baş verən quru öskürək,
yüksək hərarət, oynaqlarda, baş hissədə ağrı, ümumi halsızlıqdır. Lakin deyim
ki, xəstəlik tibb elmi üçün yenidir və onun tədqiq edilməsi prosesi davam edir.
Bəzən dad bilmənin itməsi, burun axması, ishal kimi müxtəlif fərqli simptomları
da müşahidə edilir və adətən bu qeyd olunan əlamətlər tədricən inkişaf edir və
bəzən təəssüf ki, ağırlaşmalara səbəb olur. Xəstəliyin aşkarlanması, yəni
inkubasiya dövrü isə ümumilikdə 14 gün müddətində ola bilər. Əsasən isə, 5-7-ci
günlərdə artıq özünü biruzə verməyə başlayır.
- Rəxşəndə xanım, hamilə xanımların bu
xəstəliyə yoluxma riski nə qədərdir?
- Təbii olaraq, "COVİD-19”un pandemiya halını almasından sonra bizə bu
haqda kifayət qədər suallar ünvanlanır. Hətta "virusun anadan övlada keçmə
ehtimalı var mı", "südəmər uşağa keçmə ehtimalı varmı" kimi
çoxlu suallar verilir. Bayaq qeyd elədiyim kimi, xəstəlik yenidir və tədqiqat
prosesi davam edir. Öncə deyim ki, bəli hamilə xanımların da bu virusa yoluxma
ehtimalı var. Artıq bununla bağlı bəzi statistik məlumatlar Ümumdünya Səhiyyə
Təşkilatı tərəfindən yayımlanır. Lakin hamilələrin xüsusi risk qrupuna aid
olması fikri doğru deyil. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatının koronavirus
daşıyıcısı olan 147 hamilə ilə bağlı açıqladığı raporta əsasən, onlardan sadəcə
8 nəfərində xəstəlik şiddətli olub və ancaq 2-si reanimasiyaya yerləşdirilib.
Bu günə qədər hamilə olanlar arasında yeni koronavirusla bağlı ölüm halı
olmayıb. Anadan övlada keçməsi də təsdiqlənməyib. Bu günə qədər sadəcə 1 yeni
doğulan uşaqda bu virus aşkarlanıb, lakin onun da anadan keçməsi hələ
təsdiqlənməyib. Digər bir tətqiqat İngiltərədə aparılıb. Doğum və Qadın
Xəstəlikləri üzrə Kraliyyət Kollecinin (RCOG) apardığı tədiqiqatlarda
bildirilir ki, hamilə xanımlar cəmiyyətdəki digər insanlara nisbətən
koronavirus riski az daşıyırlar. Virusun hamilə xanımlardan bətndəki uşağa
keçməsi və südəmər uşağa keçməsi ilə bağlı heç bir dəlil yoxdur. Eyni zamanda
amniotik maye və ana südündən götürülmüş nümunələrdə də virus aşkarlanmayıb.
Bütün bunlarla yanaşı yenə qeyd edim ki, hamilələrin yaşadığı fizioloji
dəyişikliklər onların bəzi infeksiyalara yoluxma risklərini artırır. Ona görə
də, tədbirli olmaq, davamlı həkim nəzarətində olmaqda fayda var.
- Həkim, hamilələr hansı xüsusi qoruyucu
tədbirlərə riayət etməlidirlər?
- Bu xəstəlik insanlardan birbaşa hava damcı yolu ilə və gigiyena
qaydalarına əməl edilmədiyi hallarda baş verir. Xüsusi ilə, virus müxtəlif
səhtlərdə bir müddət qala bilir. Bu səthlərə əl ilə təmas etdikdə və daha sonra
ağız, burun və gözə toxunduqda virusla yüklənmə baş verir. Eyni zamanda hər
hansı bir əşyanın burun, ağız və gözünüzlə təmasından yoluxma baş verə bilər.
Ona görədə xəstəliyin ilk meydana çıxdığı dövrdən həkimlər əl gigiyenasına
xüsusi əhəmiyyət verilməsini qeyd edirdilər. Eyni zamanda bir başa insan
təmaslarının azaldılması, sosial izolyasiya tədbirlərinin görülməsinə
xüsusi diqqət yetirilməsi lazımdır. Hamilələr də digər insanlar kimi, Ümumdünya
Səhiyyə Təşkilatının tövsiyyələrinə ciddi əməl etməlidirlər. Ümumiyyətlə xüsusi
ehtiyac olmadıqda evdən çıxmasınlar. Yolda, avtobusda və ya digər məkanlarda 3
addımlıq ara məsafəsini saxlasınlar. Evə gəldikdə əlləri sabun və su ilə
ən azı 20 saniyə ərzində yusunlar. Evdən çıxdıqda özləri ilə tərkibi ən az 70%
-lik spirt olan əl təmizləyici vasitələrdən götürüb istifadə etsinlər. Evə
gəldikdən sonra, üst paltarlarını ən az 3-4 saat eyvanda havalandırsınlar.
Xüsusi ilə, ayaqqabılar çöldə çıxarılmalı, dezinfeksiya edilib, şkafa
qoyulmalıdır. Əlbətdə ki, bu qaydalara onların ailə üzvləri də ciddi əməl
etməlidirlər. Evdə şəxsi əşyalarını digər insanlarla bölüşməsinlər.
Ailənin ümumi istifadə etdiyi bütün sahələri ara sıra dezinfeksiya edici
məhlullarla təmizləsinlər. Ən əsası psixolojik gərginlik keçirməsinlər.
- Maska və əlcəkdən istifadə etmək necə
vacibdirmi?
- Düzgün istifadə qaydalarına əməl etməklə maska və əlcək istifadəsi
lazımdır. İlk öncə qeyd edim ki, N95 adlandırdığımız, filterli maskalar əsasən
tibb personalı üçün nəzərdə tutulub. Gündəlik həyatda insanların bu maskalardan
istifadə etməsi lazım deyil. Sadə maskaları isə profilaktik məqsəd üçün taxmaq
lazımdır, yəni bu maskalar sizi virusdan qorumur. Virus təxminən 3 mikron
böyüklüyündədir. Bu da istifadə etdiyimiz maskadan asanlıqla keçə bilər. Lakin,
bu maskaları taxmaqda əsas məqsəd bayaq qeyd etdiyim kimi, heçbir əlamətləri
hiss edilməyən daşıyıcılar üçün lazımdır. Bu maskalar onlarda, asqırma və
öskürmə zamanı ağız damcılarının önünü kəsərək, digər insanlara yayılmasının
qarşısını nisbətən alır. Əlcəklərə gəldikdə isə, onları istifadə edərkən də,
yenə əl ilə üzün təması olmamalıdır və tez - tez dezinfeksiya edilməli, sabunla
yuyulmalıdır.
- Rəxşəndə xanım, sosial şəbəklərdə
virusdan qorunmaq üçün müxtəlif vitaminlər və bitkilərdən istifadə edilməsi ilə
bağlı bəzi informasiyalar yayılır. Buna münasibətiniz necədir?
- Qeyd edim ki, "COVİD-19” pandemiyası sadəcə sağlamlıq fəsadları ilə
deyil, eyni zamanda cəmiyyətdə formalaşdırdığı təşviş və panikayla da insanlar
üzərində öz mənfi təsirlərini göstərdi. Hərkəs, gün ərzində sosial şəbəkələrdə
çoxlu kirli informasiyalarla qarşı qarşıya qaldılar. Qeyd edim ki,
vitamin istifadəsi və ya hər hansı bir bitgilərdən istifadə kortəbii
olmamalıdır. Mütləq həkim göstərişi və nəzarəti ilə həyata keçirilməlidir. Bu
gün məlumdur ki, virusa qarşı dərman hələ ki mövcüd deyil. Eyni zamanda hər
hansı bir vitamin və ya bitginin virusun müalicəsinə bir başa təsiri kliniki
olaraq isbat edilməyib. Ona görə də, hamilə xanımlar bu tip vitamin və
bitgilərdən həkim nəzarəti olmadan qəti istifadə etməsinlər. Mən bir həkim kimi
tövsiyyə edirəm ki, gündəlik 8 saatlıq yuxu rejiminə riayət etməklə, təbii
qidalanmaq, gündəlik gimnastik hərəkətlər etmək və ən əsası psixolojik
gərginlik yaradan hər cür informasiyadan uzaq olmaqla immun sistemlərini
gücləndirə bilərlər.
- Son olaraq ümumilikdə yeni koronavirusla
bağlı tövsiyyələriniz nələrdir?
- Son olaraq qeyd edim ki, "COVİD-19” xəstəliyi ilə bağlı görülən
karantin tədbirlərinə ciddi əməl edilməlidir. Çox təəsüf ki, cəmiyyətdə
xəstəliyə qarşı birmənalı yanaşma yoxdur. Bəzi şəxslər xəstəliyə qarşı həddən
artıq həssaslıq göstərərək, psixolojik sarsıntı keçirir, bəziləri isə çox laqeyid
yanaşma göstərərək həm özlərinə, həm də digər insanlara zərər verirlər. Bu
xəstəlik ciddidir, lakin Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə və
dövlətin qoyduğu qaydalara əməl edərək, virusun daha çox fəsadlar törətməsinin
qarşısı alına bilər. Bu gün dünyanın heç bir yerində xəstəxanalar kütləvi
pasient qəbulu həyata keçirmək gücündə deyil. Bunun üçün həm xəstə yatağı, həm
də tibbi personal kifayət etmir. Ona görə də, dünyanın inkişaf etmiş
ölkələrində bu məsələ ilə bağlı acınacaqlı hallar baş verir. Yaddan çıxarmamaq
lazımdır ki, sadəcə bu xəstəlik deyil, yüzlərlə digər xəstəliklərdən əziyyət
çəkən insanlar var və tibb personalı onları da müalicə etməlidirlər. İnsanlar
sadəcə sosial izolyasiya və karantin tədbirlərinə əməl edərək, bir növ həkimlərə
kömək etmiş olurlar. Birdə fürsətdən istifadə edərək, canları bahasına da olsa
fədakarca insanlara xidmət edən qəhrəman həkim həmkarlarıma, bütün tibbi
personala öz dərin minnətdarlığımı bildirirəm. Əziz bizi izləyən insanlara da
deyirəm ki, biraz səbrli olsunlar, yaxında hər şey çox yaxşı olacaq. Çünki biz
birlikdə güclüyük.

0 Yorumlar