Yazın bərəkətli yağmuru aprel ayında müşahidə edilir. Son bir
neçə ay ərzində ölkə ərazisində hava şəraiti əsasən az yağıntılı olub. Aprel
ayının I ongünlüyündə isə Respublika ərazisində yağıntılı hava şəraiti
üstünlük təşkil edib.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev
jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə bəzi rayonlarda,
xüsusən də Mərkəzi Aran və Böyük Qafqazın dağətəyi rayonlarında yağıntı
intensiv oduğundan aylıq normanın 50-70 faizini təşkil edib ki, bu da əvvəlki
illərlə müqayisədə yaxşı göstəricidir.
"Aylıq proqnoza görə aprel ayı
ərzində bəzi dağətəyi və aran rayonlarında yağıntıların norma daxilində və
normadan bir qədər çox olacağı gözlənilir. Bu da bitkilərin vegetasiya dövrünə
təsadüf etdiyindən kənd təsərrüfatı sahəsinə faydalıdır. Belə ki, taxılçılıq,
tərəvəzçilik və digər bitkilərin inkişafında düşən yağıntının əhəmiyyəti
böyükdür”.
V.Əliyev onu da qeyd edib ki, atmosfer
havasına atılan qaz qarışıqlarının miqdarının azalması nəticəsində yağıntıların
tərkibindəki kimyəvi çirkləndiricilərin miqdarının əhəmiyyətli dərəcədə
azalması müşahidə olunub.
Qaynarİnfo
