"DB-Nyus" "Trend"-ə istinadən xəbər verir
ki, bu barədə məlumat verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, burada məqsəd iqtisadi
artımın və investisiyaların maliyyə mənbələrinin genişləndirilməsidir:
"Azərbaycanda əvvəllər də iqtisadi siyasətdə amnistiya elementləri
olub. Prezident İlham Əliyevin təsdiq etdiyi "Vergi ödəyicilərinin 2017-ci
ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında"
Qanun əslində müəyyən dərəcədə vergi amnistiyası kimi qəbul edilə bilərdi.
Bu qanunla faiz və maliyyə sanksiyaları üzrə borclar silinmişdi. Dünya
təcrübəsində də amnistiyanın müxtəlif növlərinə, həmçinin uğurlu və uğursuz
nəticələrinə rast gəlmək mümkündür.
Rusiyada 2015-ci ildən başlayaraq elan edilən iki amnistiya çərçivəsində 10
milyard avro vəsait deklarasiya edilib, bu ilin martında bitən üçüncü
amnistiyanın nəticələri isə hələ açıqlanmayıb.
Gəlirlərin və kapitalın amnistiyası Hindistanda beş dəfə, Portuqaliyada
dörd dəfə, Fransa, Avstriya və İrlandiyada iki dəfə keçirilib.
Dünyada tətbiq edilən kapital, əmlak, vergi və gəlir amnistiyaları
gözləntiləri müxtəlif səviyyələrdə doğruldub”.
V.Qasımlı bildirb ki, sahibkarların vergi, statistika və digər dövlət
orqanlarına təqdim etdikləri hesabatları müqayisə edəndə, həmçinin ev
təsərrüfatlarının gəlirləri və xərclərini tutuşduranda "müşahidə olunmayan
iqtisadiyyatın” konturlarını görmək olur:
"Vergi və gömrük orqanlarının 2019-cu ildəki "kölgə
iqtisadiyyatı” ilə səmərəli mübarizəsi nəticəsində büdcəyə proqnozdan əlavə 1
milyard manat vəsait daxil oldu.
Azərbaycanda müşahidə olunmayan iqtisadiyyatın ÜDM-də payı rəsmi rəqəmlərə
əsasən 8,7 faiz təşkil edir. Sərəncamda qalan gəlirlərin istifadəsi hesabının
təhlili göstərir ki, ölkədə illik qənaətin həcmi 20-25 milyard manatdır.
Buna görə də, dəqiq qiymətləndirmə çətin olsa da, kapital və əmlak
amnistiyası elan olunacağı təqdirdə əhəmiyyətli bir məbləğin leqallaşması
potensialının olduğunu demək mümkündür.
Əslində kapital və əmlak amnistiyası "kölgə iqtisadiyyat”a qarşı
mübarizənin məntiqi davamı ola bilər. Xüsusən, "Vergi Məcəlləsi”nə edilən
dəyişikliklər sahibkarları stimullaşdırıcı və inzibati yollarla öz bizneslərini
"ağartmağa” sövq edir”.
Direktorun sözlərinə görə, beynəlxalq təcrübə göstərir ki, kapitalın
leqallaşdırılması onun sahiblərinin maraqlarını ifadə etməlidir:
"Xüsusən də, kapitalın gəlirliliyi (Return On Equity) elə bir səviyyədə
olmalıdır ki, leqallaşmadan sonra kapitaldan xalis gəlir əldə etmək imkanı
çoxalsın.
Əgər fürsət dəyəri (opportunity cost) uyğun olacaqsa, amnistiya kapital
sahiblərini onu leqallaşdırmağa cəlb edəcək.
Bu gün bütün dünyada səhmlərin dəyəri düşdüyündən investorlar "nağd
pul şah”dır deyirlər. Bu da bir şansdır ki, əllərdəki nağd pul leqallaşmağa
meyllənsin.
Bu ilin martında Azərbaycanda 20 min manatdan artıq bəzi pul sahibləri
Maliyyə Monitorinqi Xidmətinə deklarasiya olunacağını bilib dollarlaşmaya
getmədilər. Amnistiya belə kapital sahiblərinə də cəlbedici ola bilər”.
"Əlbəttə, inkişaf etməkdə olan ölkə kimi Azərbaycanda kapital və əmlak
amnistiyasını çətinləşdirən amillər də var” - deyə, Vüsal Qasımlı əlavə edib:
"Məsələn, pandemiya başlayandan inkişaf etməkdə olan ölkələrdən 90
milyard dollar sərmayə çıxıb”.
V.Qasımlı əlavə edib ki, ölkəmizin beynəlxalq miqyasda şəffaflıq
təşəbbüslərinə qoşulması da kapital və əmlak amnistiyası üçün əlverişli haldır:
"Azərbaycan maliyyə monitorinqi orqanlarının - Eqmont Qrupunun
üzvüdür, Avropa Şurasının Pulların Yuyulması və Terrorçuluğun
Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər
Komitəsi – MONEYVAL-da iştirak edir və İqtisadi Əməkdaşlıq və İnkişaf
Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupu – FATF-la əməkdaşlıq edir”.
V.Qasımlının fikrincə, amnistiya nəticəsində leqallaşan kapital ölkədə
investiya qoyuluşunun artımı, qiymətli kağızlar bazarının inkişafı, bank
sektorunda canlanma, nağdsız dövriyyənin böyüməsi, büdcə gəlirlərinin artması
və iqtisadi fəallığın yüksəlməsi ilə nəticələnə bilər
"Bunun üçün amnistiyanın forması, şərtləri, müddəti, məqsədləri,
əhatəsi müəyyənləşdirilməli və ən əsası qarşılıqlı etimad mühiti təmin olunmalıdır.
Kapital və gəlir amnistiyası elə həyata keçirilməldir ki, deklarasiya
olunan vəsaitin həm də sərmayə kimi yatırılması imkanları olsun.
Məsələn, deklarasiya olunan kapitalın hazırda tikintiyə istiqamətlənməsi
daha çox multiplikativ effekt yaratmaq gücündədir.

0 Yorumlar