Bu əməllə bəşər övladları Henrix
Heynenin "Əlmənsur” faciəsində öz qəhrəmanının dilinə "Harada
kitabları yandırırlarsa, orada sonra insanları da yandıracaqlar” kəlmələrini
yerləşdirdiyi vaxtlardan da çox-çox əvvəl məşğul olub. Kitab və əlyazmalar
mövcud olduqlarından bəri mütəmadi olaraq tonqala çevrilib. Görünür, müvəqqəti
təəccüb hissi yalnız 20-ci əsrdə yaranıb. O da ki, artıq keçib gedib, heyf ki.
Kitabları da yandırırlar, insanları da...
273-cü ildə Roma imperatoru Avrelian
indiki Misirdə İsgəndəriyyə kitabxanasını oda verir: kitabların yalnız bir
hissəsi - Serapis məbədində saxlanılanlar xilas olur. Orta əsrlər Avropasında
Parasels Roma həkimi Qalenin kitablarından tonqal qalayır. Eyni işi Martin
Lüter və Florensiyada Savanarola təkrarlayır.
20-ci əsrdə əvvəlcə 1933-cü ildə
nasistlər "Alman ruhuna zidd olan” kitabları oda verir, Hitler uduzandan
sonra isə denasifikasiya çərçivəsində nasist ədəbiyyatı tonqallara atılır.
ABŞ-da Kurt Vonnequtun "5 nömrəli sallaqxana”sı yandırılır. Birmi,
ikimi...
Özünü əsərləri məhv edilən müəllifin
cildində təsəvvür etmək həm əzablı, həm də psixoloji cəhətdən maraqlı cəhddir.
Vonnequt kitablarının yandırılmasının ağrısını bacardıqca göstərməməyə
çalışaraq piromanlara ironik məktub yazır. Ona nisbətən asan idi - ətrafında
tonqallara qarşı çıxan və yazıçıya dəstək olan çoxsaylı insanlar vardı. Bəs
əgər müəllif öz kitablarından qalanan tonqalın işığında dayanıbsa, baş
verənləri birbaşa hadisə yerində seyr edirsə, üstəlik də bilirsə ki, heç kəs
onun müdafiəsinə qalxmayacaq, mənəvi dəstək olmayacaq, əksinə, təqib və
ostrakiya qismətidirsə - onda necə?
Yalnız bir yazıçı var ki, kitabları külə
dönən tonqalın düz yanında dayanıb olanları gözləri ilə izləyirdi. O, alman
yazıçısı Erix Köstner idi.
***
Nasistlər Heyne ardıcıllığını məntiqi
sonuna çatdırdılar: kitab yandırmaq onların "vegetarian dövrü” idi,
ardınca kannibal dövr gəldi.
1933-cü il, mayın 10-da axşam saatlarında Berlinin Opera Meydanında
(Operplats) on minlərlə kitab oda verildi. Nə qəribə ki, bu barbarlığın
təşəbbüskarı heç də Göbbels və onun Təbliğat nazirliyi yox, Alman tələbə
ittifaqı idi. Tələbələr "zərərli ədəbiyyat”ı toplayır, professor və
müəllimləri də atəşfəşanlıqda iştiraka məcbur edirdilər. "Dekadansa və
mənəvi çürüməyə son!” və "Müharibə qəhrəmanlarını təhqir edən
cızma-qaraçılar rədd olsun!” şüarları qışqıraraq tonqalı gurlaşdıranlar heç də
nasist funksionerləri yox, savadlı, təhsilli gənclik idi - paradoks da
bundadır.
Bir çoxları baş verənlərə "tələbələrin zarafatı” kimi baxırdı. Bu
səbəbdən də ölkənin intellektual elitası həyəcan təbili çalmadı. Hətta Almaniya
hüdudlarından kənarda da baş verənləri "tələbələrin təşəbbüsünün ifrat
təzahürü” kimi dəyərləndirdilər.
"Zərərli” kitabların "qara siyahı”sı tutulmuşdu. "Millət sübut
etməlidir ki, həm daxildən, həm də zahirdən təmizlənib” - mayın 10-da tonqal
qarşısında Göbbels isteriya içində qışqırırdı. "Təmizlənmə” od ilə
aparılırdı.
Kimlər idi o "zərərli cızma-qaraçılar?” Remark və fon Osinski. Marks
və Kautski. Heminquey və Maksim Qorki. Freyd və Brext. Henrix Mann və Alfred
Deblin... Həyatda olan müəlliflərin az qala hamısı Almaniyadan kənarda idi, fon
Ositski isə həbs düşərgəsindəydi (elə orada da vəfat edəcəkdi, ona verilən
Nobel mükafatını isə nasistlər qəbul etməyəcəkdi).
Həmin vaxt adı "qara siyahı”da olanlardan yalnız 1 nəfər Berlində idi
- 34 yaşlı yazıçı Erix Köstner. Elə o da baş verənləri gözü ilə görmək üçün
Opera Meydanına yollanır.
***
1899-cu ilin 23 fevralında Drezdendə dünyaya göz açan Erix Köstner uşaqlar
üçün yazdığı kitablar və gündəlik siyasi mövzulara satirik şeirləri ilə
tanınırdı. Onu "itirilmiş nəsl”in tipik nümayəndəsi saymaq olar: yoxsul
valideynlər, yarıac uşaqlıq, maddi çətinliyə görə təhsili davam etdirə
bilməməsi, 1-ci Dünya müharibəsində iştirak... Sonra bədnam "Versal sülhü”
və məhrumiyyətlərlə dolu, uduzmuş, təhqir olunmuş Almaniyada universitet
təhsili (Leypsiq universiteti), jurnalist və teatr tənqidçisi, ssenarist
fəaliyyəti, uşaqlar üçün ilk əsərlər.
Artıq 1920-ci illərin sonlarında Köstner Almaniyada məşhur uşaq
yazıçısıdır. Onun "Emil və detektivlər”, "Uçan sinif otağı”,
"Emil və 3 əkiz” kitabları yüksək tirajlarla çap olunur. Evdə yox, kafedə
oturub yazmağa vərdiş edən Köstnerin qələmindən 1931-ci ildə "Fabian”
romanı çıxır - bu isə artıq siyasət idi. Onun uşaq kitabları da əslində
böyüklər üçündü - Sent-Ekzüperi özünün "Balaca Şahzadə”sini necə hamı üçün
yazmışdısa, Köstner də uşaqların dili ilə böyükləri hədəf götürmüşdü. Sonralar,
1957-ci ildə o, avtobioqrafik "Mən balaca olanda” romanını "8 yaşdan
80 yaşa qədər olanlar üçün” sözləri ilə müşayiət edəcəkdi.
Bu, qəribə görünür - niyə Köstnerin kitabları tonqala atılanların
"qara siyahı”sına salınmışdı? Bu acı fəxarətə o, nəyə görə "layiq
görülmüşdü”? Əlbəttə, Köstner antifaşist idi, siyasi satiralar müəllifi idi,
ancaq Remark, yaxud fon Ositskidən fərqli olaraq əsasən uşaqlar üçün yazırdı və
heç vaxt da kommunistlərə simpatiyasını ifadə etməmişdi. Və mayın 10-da onun
kitabları Henrix Mannın kitabları ilə bir bağlamada oda atılmışdı. Həmin axşam
hər müəllifin niyə bu obstruksiyaya məruz qaldığını izah edən şüarlar da
qışqırılırdı. Məsələn, Köstner və Henrix Mann üçün deyilirdi: "Qayda-qanun
dövlətinə - nümunəvi ailə! Mən Mannın, Qlezerin və Köstnerin əsərlərini alova
verirəm!”
Görünən odur ki, nasistlərin xoşuna Köstnerin məhz uşaqlar üçün yazdığı
əsərlər gəlməmişdi.

***
1933-cü ilin yanvarında Almaniyada
Hitler hakimiyyətə yiyələnəndə, Köstner İsveçrədə istirahətdə idi. O, dərhal
qayıtmaq qərarına gəlir və bununla dost-tanışlarını təəccübləndirir. Onun
pasifist və antifaşist baxışları ümumməlum idi və dostları fikrindən daşındırmağa
çalışırlar. Xeyri olmur.
Sonralar Köstner bioqrafiyasında
yazacaqdı: "Mən şahid olmaq üçün döndüm. Mən Almaniyada böyümüş ağacam və
burada da qurumağa hazıram”. Digər səbəb də vardı - anasını tək qoymaq
istəmirdi. Üstəlik, ona elə gəlirdi ki, bu dəhşətli psixoz uzun sürməyəcək.
Mayın 10-da baş verənləri isə o,
"Kitabların yandırılması haqqında” essesində təsvir edəcəkdi: "Mən
hər tərəfdən hücumçu qrupların formasında olan tələbələrin əhatəsində,
universitetin önündə dayanmışdım. Alovun dillərinin kitablarımızın üz qabığını
necə yaladığına baxır, yalançıların ədəbsiz tiradalarını dinləyirdim. Şəhərin
üzərindən matəm küləyi əsirdi. Birdən ciyiltili qadın qışqırığı eşitdim:
"Baxın, bu, Köstnerin özüdür!” Bu, öz kəşfindən isteriya həddinə çatan gənc
kabare artistinin səsi idi”.
Bu dəfə təhlükə sovuşur - heç kəs
Köstnerə əl qaldırmır, onu linç etmir. Ancaq tezliklə onu gestapoya çağırırlar.
Gestapoda onu istehza ilə qarşılayırlar: "Bu da Emil və onun xəfiyyələri!”
Ondan xaricdə nəşr olunan şeirləri barədə soruşurlar. Yenə də sonluq qənaətbəxş
olur, ancaq növbəti ildə Köstner "arzuolunmaz və siyasi etibarsız element”
elan olunur, ona ədəbi fəaliyyətlə məşğul olmaq qadağası qoyulur.
Kitabların yandırılması haqda Köstner öz
essesində yazır: "Mənim həyatımda daha dəhşətli və daha öldürücü hadisələr
olub, ancaq bundan əclaf hadisə olmayıb... Bu metodlarla kitabları yox, xalqı
məhv etmək olar. Kitablar təbii ölümlə ölürlər. Onlar vaxtı çatanda məhv
olurlar. Kitabları yandırmaq mümkün deyil - biz artıq bunu bilirik”.
***
Və təcrid illəri başlayır. Yazmağına
qadağa qoyulmuş yazıçı öz tənhalığını "Özümə məktublar”ında ifadə edir.
Orada bu sətirlər də var:
"Sən nə vaxtsa kitablar yazırdan və
inanırdın ki, uşaqlar da, böyüklər də bu əsərlərdən nəyin yaxşı ya pis, nəyin
gözəl ya eybəcər, nəyin gülməli ya kədərli olduğunu öyrənəcək. Sən fayda vermək
istəyirdin. Bu, bir səhv idi və indi həmin inam kinayəli gülüş doğurur. Sən o
adama bənzəyirsən ki, balığı sahilə çıxmaq, qaçmağı öyrənmək və quruda yaşamağın
üstünlüklərinə inandırmaq üçün dilə tutursan”.
Köstnerin pessimizmi ona əsərlərinin
unudulacağı qorxusunu təlqin edirdi. Yalnız müharibə bitəndən sonra o, öyrənir:
bütün bu illərdə qadağalara baxmayaraq, onun yazdıqları əldən ələ gəzməkdə
davam edirmiş. Onun şeirlərini Varşava gettosunda olanlar köçürüb oxuyur, hətta
kazarmalarda əsgərlər Köstnerin "Qardaş məzarlığından səslər” şeirini
əzbər bilirdilər.
Köstner Almaniyanı sona qədər tərk
etmədi, dəfələrlə gestapoya aparıldı, təzyiqlərə məruz qaldı, hətta
təhlükələrdən yayınmağı öyrəndi. Berlində həbs dalğası güclənəndə Drezdenə
köçdü, Drezdendə buludlar qatılaşanda Leyptsiqə yollandı. Müharibənin son
aylarında isə Tirola getdi və bu da onu Berlinin çöküşü zamanı xilas etmiş
oldu.
Nasizmin süqutundan sonra Erix Köstner
Münhendə məskunlaşdı, illər boyu Qərbi Almaniya Pen-klubunun prezidenti oldu.
Əsərlərində nasizmlə hesablaşmağın gələcək üçün çox önəmli olduğunu qabartdı.
"Mən balaca olanda” romanında yazdı: "Gələcəkdə xalqları yox, hökumətləri
cəzalandırın. Həm də sonradan yox, təcili! Bunu söyləmək etməkdən asandır?
Xeyr. Bunu etmək asandır”
Yazıçı 1974-cü ildə, 75 yaşında vəfat
etdi. "Kitabları yandırmaq mümkün deyil - biz artıq bunu bilirik” - o, bu
həqiqətə nəinki özü inandı, həm də başqalarını inandıra bildi...

0 Yorumlar