2020-ci ilin ilk üç ayı dünya iqtisadiyyatında COVID-19
infeksiyasının əhatə arealının genişlənməsi və enerji, səhm və əmtəə
bazarlarında kəskin enmə ilə müşahidə olunur. COVID-19 infeksiyasının coğrafi
genişlənməsi davam etdiyi müddətdə dünya bazarlarında mal və xidmətlərdə təklif
və tələbin konsentrasiyası, birbaşa və dolayı investisiya portfelinin daralması
və resurs asıllığı olan ölkələrdə fiskal darlaşmanın başlanması cari il üçün iqtisadi
artımın aşağı proqnozlaşdırılmasını zəruri edir".
Nüfuzlu və mötəbər beynəlxalq maliyyə təşkilatları və məsləhətçi
şirkətləri tərəfindən iqtisadi artım proqnozlarının aşağıya doğru dəyişimi
COVID-19 infeksiyasının bitmə dairəsinin qeyri-müəyyən müddəti əhatə etməsi və
bu səbəbdən istehlakçı davranışlarındakı dəyişmələrlə əlaqələləndirilə bilər.
İqtisadi ekspansiyadan ressesiyaya gedən prosesi neytrallaşdırmaq üçün dünyanın
torpaq ərazisinin 60,8 faizi, həmçinin dünya ÜDM-nin 75 faizə qədərini əhatə edən
“Böyük 20-lik” (qeyd: böyük 7-lik isə sözügedən ÜDM-in 30,1 faizini əhatə edir)
ölkələri tərəfindən “Fiskal Stimul Paketləri” qəbul edilir.
Cədvəl: 1. B20 ölkələrinin
statistika xidmətləri
B20 ölkələrində anti-böhran
tədbirləri nətcəsində iqtisadi ressesiyanın qarşısının alınması istiqamətində
cəmiyyət tərkibində bərabərsizliyi nəzərə alaraq ən həssas qruplara maliyyə
dəstəyinin göstərilməsi, yaranmış böhran nəticəsində mal və xidmətlər
sektorunda yarana biləcək işsizliyin qarşısının alınması, böyük müəssisələrin
varlığının qorunub saxlanılması, KOS subyektlərinin dəyər zəncirindən
qopmasının qarşısının alınması və onların dayanıqlığının qorunub saxlanılması,
monetar, fiskal kimi makroiqtisadi indikatorların mobilizasiya edilməsi, xarici
ticarətdə dərman və digər tibbi ləvazimatların idxalında qeyri-tarif baryerləri
və tənzimləmələrinin sadələşdirilməsi (liberal prosedurların tətbiqi) kimi
fəaliyyətlər anti-böhran proqramlarının indikator və subindikatorlarını təşkil
edir.
B20 ölkələri birliyinin baş
katibi tərəfindən sözügedən ölkələrin hökümət başçılarına edilən çağırışın
ilkin mahiyyəti böhrandan çıxma ərəfəsində əhali arasında panikanın qarşısının
alınması və dövlətlərin COVID-19 pandemiyasından uğurla çıxması istiqamətində
cəmiyyətin bütün təbəqələrinə dəstəyin hər tərəfli olmasına inamın tam təmin
edilməsidir. Çünki depressiv-panika dövründə idarəolunmaz gözləntilər,
dövlət-cəmiyyət arasındakı boşluqlar pandemiyanın əhatə dairəsinin genişlənməsi
ilə bərabər iqtisadi instutların da bərpasının gecikməsinə səbəb olur. Bundan
əlavə, OECD və sözügedən birliyin katibliyinin son hesablamalarına görə
COVID-19 pandemiyası B7-lik və B20-lik ölkələrinin ÜDM-nin üçdə birinə qədər
olan sahələrə birbaşa təsir edəcək və ÜDM-in illik artımında 2 faizlik enmə
müşahidə olunacaqdır. Bundan əlavə, beynəlxalq maliyyə və turizm indekslərinin
son hesabatına əsasən, qarşıdan gələn yay mövsumu üzrə turizm və otelçilik
sektoru 50 faizdən-70 faizədək, ilin sonuna isə 70-75%-lik iqtisadi azalma
müşahidə olunacaq. Xüsusilə, ÜDM drayveri olan turizm xidmətlərindən asılılıq
yaşayan ölkələrin (xüsusilə, İspaniya və Türkiyəni vurğulaya bilərik) “Fiskal
Stimul Paketləri”ndə adıçəkilən sahələr üzrə fiskal xərclər üstünlük təşkil
edir.
Cədvəl 2. OECD
hesablamaları
OECD hesablamalarına görə,
B20-lik ölkələri arasında COVID-19 pandemiyasından ən çox zərər çəkən Almaniya
olmuşdur ki, bu rəqəm ilkin mərhələdə ÜDM-in 28%-30% aralığında dəyişir. Digər
maraqlı məqam ilkin mərhələdə COVID-19 infeksiyasının mənbə ölkəsi hesab olunan
Çinə dəyən zərər ÜDM-in 19-20 faiz arasında dəyişməsidir. Bundan əlavə, B20 və
B7-lik ölkələrinə dəyən ziyan istiqamətində tədqiq və təhlil apararkən, ən çox
ziyan görən sektorlar arasında pərakəndə və topdan satış ticarəti, nəqliyyat
vasitələrinin (xüsusilə, avtomobil) istehsalı, turizm, otelçilik, restoran və
avia bilet, tikinti, daşınmaz əmlak və digər peşəkar xidmət sahələri daxildir.
OECD tərəfindən aparılan
hesablamaların tərkib hissəsinə baxsaq qeyd edə bilərik ki, B7 ölkələri
arasında pərakəndə və topdan satış ticarəti (5%-15% intervalında dəyişir),
daşınmaz əmlak və digər peşəkar xidmətlər (5%-10% intervalında dəyişir) qalan
sektorlarla müqayisədə daha çox zərər çəkən sahələrdir. Yuxarıda qeyd edildiyi
kimi Avropa Birliyinin məcmu buraxılışında lider ölkə sayılan Almaniyanı qeyd
edə bilərik ki, pandemiyanın vurduğu zərər ÜDM-in 28%-nı təşkil edir ki, bura
daşınmaz əmlak xidmətləri 8-10%, pərakəndə və topdan satış ticarəti 8-9% və
nəqliyyat vasitələrinin istehsalı 6-7% intervalında təşkil edir. Qeyd
edilməlidir ki, B7 ölkələri arasında otelçilik, restoran və hava səyahət
sektoruna görə (nisbətən) ən az ziyan (ÜDM-in 3-4% intervalında) görən ölkə də
Almaniyadır.
B7-yə daxil olan ölkələrin
COVID-19 pandemiyasının yayılmasına qədər proqnozlaşdırılan iqtisadi artım
indikatorları artıq beynəlxalq maliyyə qurumları və milli iqtisadi institutlar
tərəfindən yenidən baxılır.
B7 ölkələri
|
Real ÜDM artımı
(2020-ci ildə%) |
Əvvəlki proqnoz (COVID-19 baş vermədən əvvəl)
|
Kanada
|
-1,3
|
1,8
|
Fransa
|
-5
|
1
|
Almaniya
|
-6,8
|
0,9
|
İtaliya
|
-7
|
0,4
|
Yaponiya
|
-1,5
|
0,4
|
İngiltərə
|
-5
|
1,1
|
ABŞ
|
-2,8
|
1,7
|
ABŞ iqtisadiyyatı üçün pandemiyadan əvvəl
proqnozlaşdırılan iqtisadi artımın 1,7 faiz olmasına baxmayaraq, mövcud
pandemiya şəraitində 2,8 faiz ressesiya kimi proqnozlaşdırılır. ABŞ
iqtisadiyyatında əsas ressesiyanın səbəbi kimi COVID-19 pandemiyasıdır ki, bu
da ilkin dövrdə mövcud adminstrasiya tərəfindən zəif reaksiyadan irəli gəlir.
Pandemiyanın yayılma sürətini nəzərə alsaq, ABŞ adminstrasiyasının ilkin
dövrlər zəif reaksiyası nəticəsində iqtisadi agentlərin fəaliyyəti dondu.
Bundan əlavə, səhm və əmtəə bazarlarına, o cümlədən Rusiya və Səudiyyə
Ərəbistanı arasındakı prinspial neft müharibəsi enerji sektoruna investisiya
qoyuluşlarını dayandırdı. Enerji sektorundakı aşağı qiymətlər və virus
pandemiyası ABŞ tərəfindən hədəflənən məşğulluq faizinin enməsinə səbəb oldu.
Avrozonada mövcud pandemiya və enerji qiymətlərinin
enməsi fonunda 5,9 faizlik ressesiya gözlənilir. Xüsusilə, Avropa Birliyi
ölkələrinin iqtisadi artımında drayver rolunu oynayan Almaniya (-6,8%), və
Fransada (-5%) mənfi iqtisadi artım proqnozlaşdırılır. COVID-19 infeksiyasından
ən çox ziyan çəkən İtaliyada (-7%) isə mövcud rəqəm daha böyükdür. İspaniya
sözügedən siyahıda olmasa müxtəlif senarilər əsasında iqtisadi geriləmə Mart
ayı üçün ÜDM-in -1,59 ilə -2,99 faiz arasında dəyişir. Bununda əsas səbəbi kimi
ticarət, turizm və nəqliyyat xidmətlərində 100 faizə qədər dayanmadır.
Qeyd edək ki, hər dörd ölkə dövlət büdcəsindən dövlət
xərclərini artırmışdır. OECD ölkələrinin statistik bazasını təhlil etdikdə
müəyyən etmək olur ki, İtaliyada adam başına düşən həkim sayı OECD
ortalamasından yüksək olsa da, çarpayı sayı bu indikatordan aşağıdır.
İspaniyada da həkim sayı ilə əlaqədar eyni vəziyyət müşahidə olunsa da, adam
başına düşən tibb bacısı və çarpayı sayı OECD ortalanmasından daha aşağıdır. İqtisadiyyatına
ən çox zərər dəyən Almaniya isə bu göstərici üzrə digər iki ölkədən əhəmiyyətli
dərəcədə fərqlənir. Belə ki, Almaniya Avropa Birliyi ölkələri arasında səhiyyə
xərcləri göstəricisinə görə Avropa Birliyi və OECD ölkələrinin ortalama
xərcləmə səviyyəsindən daha yüksəkdir. Habelə, çarpayı sayı və peşəkar səhiyyə
xidmətlərinə görə OECD-nin ortalama göstəricisindən ən yüksək olan ölkələrdən
biridir.
Enerji qiymətlərinin enməsinin ressesiyada roluna
gəldikdə isə neft resursları ilə zəngin ölkələrin mövcud idxalında Avropa
Birliyi əhəmiyyətli mövqeyə malikdir. Xüsusilə, neft gəlirləri hesabına
formalaşan resurs ölkələrinin büdcə darlaşması dövlət investisiyalarının
azalmasına səbəb olmuşdur. Sözügedən xərcləmələr hesabına Avropa Birliyi
ölkələrindən idxal olunan mal və xidmətlərin azalması, o cümlədən mövcud
məşğulluğun dövlət xərcləmələri hesabına təmin olunması adıçəkilən birliyin
məcmuu buraxılışdan istehlak məqsədli istifadəni azaldır.
Nəticə etibarı ilə, dünyanın ÜDM-də 30,1 faizlə B7
ölkələrinin, həmçinin 43,45 faizlə B20 ölkələrinin iqtisadi tənəzzül yaşaması
2024-cü il üçün proqnozlaşdırılan 4 faizlik artımı ləngidəcək. Buna baxmayaraq,
sözügedən ölkələrdə “Fiskal Stimul Paketləri”nin açıqlanması və
implemetasiyası, o cümlədən Mərkəzi Banklar tərəfindən yumşaq pul siyasəti
biznes mühitinin əlverişliyinin qorunub saxlanması, KOS subyektlərinin dəyər
zəncirinin bərpasına qədər dayanıqlığının təmin edilməsi, potensial işsizlik
meyillərinin neytrallaşdırılması istiqamətində maliyyə dəstəyinin verilməsi, o
cümlədən cəmiyyətin həssas təbəqəsinin sosial müdafiəsinin güclənməsi iqtisadi
artımları yaxın bir ildə bərpa etmək gücündə olmasa da, ortamüddətli dövr üçün
iqtisadi zəminlər yaradacaq.
Nicat
Hacızadə
İqtisadi
İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri
(Report)


0 Yorumlar