Şəki Kommersiya Məhkəməsində iş adamı
Etibar Hacıyevin "AGbank” ASC-yə qarşı müflis elan edilməsi barədə
ərizəsinə baxılıb.
D-Nyus Oxu.Az-a istinadən xəbər verir ki,
hakim Rüfət Məcidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, iş adamının ərizəsi geri qaytarılıb. Buna səbəb ərizəyə
qanunvericiliklə müəyyən edilmiş qaydada əlavə olunacaq sənədlərin daxil
edilməməsi olub.
E.Hacıyev iddia ərizəsində göstərib ki, 1998-ci ildən fərdi sahibkar kimi
vergi orqanlarında qeydiyyatdan keçərək fəaliyyət göstərir. 2005-ci ildə Ağdaş
şəhərində İcra Hakimiyyəti tərəfindən ilin ən yaxşı iş adamı mükafatına layiq
görülüb.
2010-2011-ci illərdə biznesini genişləndirmək məqsədilə "AGbank”
ASC-dən kredit götürüb və kredit təminatı kimi özünün və qohumlarının
mülkiyyətində olan əmlaklar ipoteka kimi yüklü edilib. Lakin 2015-2016-cı
illərdə baş verən devalvasiya səbəbindən ağır və çətin vəziyyətə düşüb, kredit
borcunu ödəyə bilməyib. İpoteka ilə yüklü edilmiş əmlaklar satılsa belə, borcun
ödənilməsinə kifayət etməyəcək. Həmin əmlakların satılması nəticəsində üç ailə
evsiz, yüklü edilmiş qeyri-yaşayış sahələri satılarsa, orada işləyən şəxslər
işsiz qalacaq.
Bu səbəbdən E.Hacıyev belə bir iddia tələbi ilə məhkəməyə müraciət edib.
